“Ekol” şirkəti “Bibiheybətneft” NQÇİ-nin mədən ərazisinin yaşıllaşdırma sahələrində mövsümi işlərə başlamışdır
Bakı, 11 oktyabr (AZƏRTAC). “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Azneft” İstehsalat Birliyi (İB) ilə birgə mədən ərazilərində çirklənmiş torpaqların rekultivasiyası və bioremediasiyası işlərini yerinə yetirir, reabilitasiya olunmuş torpaq sahələrində yaşıllıqların salınması və bitkilərə aqrotexniki qulluq göstərilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, xüsusi coğrafi mövqeyi, relyefi, meteoroloji xüsusiyyətləri və infrastruktur şəbəkəsinin müxtəlifliyi ilə Abşeron yarımadasının digər ərazilərindən fərqlənən Bibiheybət sahəsində, 40 hektardan çox ərazidə əkilmiş 45 mindən çox mühitə davamlı ağaca aqrotexniki xidmət göstərilməsi xüsusi diqqət tələb etdiyindən, QSC-nin ən peşəkar mütəxəssisləri və texniki vasitələri bu əraziyə cəlb olunmuşdur.
Cari ilin fevralından başlayaraq Bibiheybət sahəsində müxtəlif növ ağaclara aqrotexniki qaydada xidmət göstərilmiş, qurumuş ağaclar yenisi ilə əvəz edilmiş, ərazinin daimi su təchizatı təmin olunmuşdur. QSC ərazini müasir və effektli suvarma sistemləri ilə təchiz etmək məqsədi ilə 1,2 hektar sahədə damcı suvarma sistemi quraşdırmışdır.
Bibiheybət sahəsində əlavə yaşıllıqların salınması və bitkilərin su təchizatının yaxşılaşdırılması istiqamətində “Azneft” İB də yaxından iştirak edir. Ötən dövrdə İB ərazidə 6,6 hektar sahədə yeni damcı suvarma sistemi quraşdırmış, payız mövsümündə isə 6 minə qədər müxtəlif növ ağac və kolların əkilməsini planlaşdırmışdır.
Ötən dövrdə “Bibiheybətneft”, “Siyəzənneft”, “Balaxanıneft”, “Kürovdağ”, “Qaradağlı”, “Kürsəngi”, Z.Tağiyev adına NQÇİ və s. yataqlarda 300 hektardan çox çirklənmiş torpaq sahəsi mexaniki rekultivasiya, bioremediasiya və fitoremediasiya üsulları ilə təmizlənmişdir. Reabilitasiya edilmiş mədən ərazilərində 120 mindən çox ağac əkilmiş və onlara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir.
“Ekologiya ili”ndə isə 150 min ağac və 16 min gül tinginin əkilməsi nəzərdə tutulmuşdur.