CƏMİYYƏT
Ekoloji layihələrin idarəedilməsi üzrə üç günlük beynəlxalq kurs uğurla başa çatıb
![Ekoloji layihələrin idarəedilməsi üzrə üç günlük beynəlxalq kurs uğurla başa çatıb](/files/2014/2/1200x630/14087124613278557147_1200x630.jpg)
Bakı, 16 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təlim, tədris və sertifikatlaşdırma idarəsində 23 nəfərdən ibarət mühəndis-texniki işçilər qrupu üçün İSO 14001 “ekologiya” idarəetmə sistemi beynəlxalq standartı üzrə təşkil edilmiş kurs iyulun 16-da başa çatıb.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şirkətin ekoloji layihələrin idarəedilməsi üzrə mütəxəssislərinin də iştirak etdiyi kurs üç gün davam edib. Kurs müddətində iştirakçılara ISO 14001 standartının əsas mahiyyəti, üstünlükləri və tətbiqi məsələləri nəzəri və praktiki cəhətdən tədris olunub.
Məlumatda bildirilir ki, beynəlxalq kursu bitirən dinləyicilər öz müəssisələrində ISO 14001 “ekologiya” idarəetmə sistemi beynəlxalq standartının geniş tətbiq olunmasında fəal iştirak edəcəklər. Təlim, tədris və sertifikatlaşdırma idarəsində ilin sonunadək ətraf mühitin mühafizəsi, neft və neft məhsulları ilə çirklənmiş ərazilərin təmizlənməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində yeni kursların təşkil olunması nəzərdə tutulub.