Ekspert: Azərbaycan dövləti öz humanitar və siyasi platformasını dünyaya sübut edib
Bakı, 29 iyul, AZƏRTAC
Ermənilər Laçın istiqamətində gedən proseslərdə bütün istiqamətlər üzrə, istər Brüssel, istər Moskva görüşündən, istərsə də Vaşinqtonun verdiyi qərardan sonra iflasa uğradığından son “tamaşa”larını oynamaqdadırlar. Bu oyunlar Avropa İttifaqı missiyasının göndərdiyi utancverici fəaliyyətdir. Bundan əlavə, onlar Rusiyadan qaçaqmalçılıq yolu ilə əldə olunan silah-sursatların Ermənistana daşınmasında, oradan isə Xankəndiyə “humanitar yardım” adı altında keçirmək üçün cəhdlər göstərərək fəaliyyətə keçiblər. Bu da onların həmin işdə ikinci, üçüncü uğursuzluğu ilə nəticələnib. Azərbaycanı bir daha dünya ictimaiyyətinin qarşısında terrorçu kimi tanıtmağa istiqamətləndirilib. Əsas istiqamətlərdən biri sülh müqaviləsinin imzalanmaması və revanşist qüvvələrin silahlanmasına yönəlib.
AZƏRTAC xəbər verir ki, bunu Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn söyləyib.
O qeyd edib ki, maraqlıdır, Azərbaycan da uzun müddətdir blokada şəraitində olan Naxçıvana humanitar yardım göstərsə, Zəngəzur dəhlizindən bu yardımın keçirilməsinə də Avropa İttifaqı missiyasının müşahidəçiləri nəzarət edəcəkmi, yoxsa yenə də kənarda dayanıb müşahidə edəcəklər?
Onun fikrincə, dövlətimiz hər zaman öz sərhədlərinə sahib çıxıb. Bilirik ki, Azərbaycan Qarabağda yaşayan ermənilərə Ağdam-Xankəndi marşrutu vasitəsilə humanitar və digər yüklərin daşınmasını təklif edir, beynəlxalq təşkilatlarda da bu təklif səsləndirilir. Ağdam-Xankəndi yolundan istifadə çox əlverişlidir. Çünki bunu Ağdam sakinləri təsdiqləyərlər ki, Qarabağ iqtisadi zonasında yaşayan erməni əsilli Azərbaycan vətəndaşları uzun müddət həmin rayondakı bazardan istifadə edərək məhsullarını satıblar. Buradan onlar dəmir yolu ilə Bakı, Moskva və digər istənilən istiqamətlərdə məhsullarını apara bilərlər. Azərbaycan dövləti çox düzgün yol seçib ki, burada xalqların bir-biri ilə barışığı, inteqrasiya prosesi daha mükəmməl şəkildə təmin olunacaq.
Hazırda Laçından humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələri və sadə vətəndaşlar keçir. Ermənilərin təxribatı isə sadəcə olaraq qurulan tamaşadır və onun qarşısı isə alınır.
Bu arada Fransanın regionda yürütdüyü siyasətin əsl məqsədi ondan ibarətdir ki, Cənubi Qafqazda sülh, sabitlik bərqərar olmasın. Çünki bu belə görünür ki, onlara sərf edir. Yəni istəyirlər ki, erməni və Azərbaycan xalqları arasında daim münaqişə yaransın və bölgədə insan fəlakətləri yaşansın.
Ehtiyatda olan polkovnik-leytenant diqqətə çatdırıb ki, Ermənistan verdiyi bəyanatlara zidd olaraq hərəkətlər edir və bu məsələdə məhz Laçın yolu ətrafında spekulyasiyaya yol açmaq istəyir. Beynəlxalq ictimaiyyəti çaşdırmaq, hədəfdən yayındırmaq üçün Laçın yoluna yönəlmiş həmin cəhdləri Azərbaycan Ordusunun yaranacaq vəziyyətdə tədbirlər görməsinə və təxribata təhrik etmək məqsədi daşıyır. Bu vəziyyət hazırlanmış məkrli ssenari ilə davam edir. Birinci ssenarinin əsas şərtlərindən biri sülh müqaviləsinin imzalanmaması üçün ermənilərin görüntü yaratmasıdır. İkinci ssenari 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrində ermənilərin bir-birilərini qətlə yetirərək dünyada dərhal öz soyqırımları kimi bunu təqdim etmələri idi. Eyni zamanda, Avropa İttifaqı missiyasının silahlı hərbçilərinin əraziyə yerləşdirilməsi ssenarinin digər hissəsidir. Bu riyakar siyasətə hesablanmış bizə qarşı atılan addımdır və bunun da nəticəsini gələcəkdə görəcəyik.
“Düşünmürəm ki, silahlı birləşmələrimiz humanitar yardım altında gələn avtomobillərə silahla müdaxilə etsin. Çünki Azərbaycan dövləti öz humanitar və siyasi platformasını dünyaya sübut edib. Digər tərəfdən isə Ağdam-Xankəndi yolunun istifadə olunması Azərbaycan dövləti tərəfindən çox düzgün hesablanıb. 1990-cı illərə qədər Qarabağ iqtisadi zonasında yaşayan bütün ermənilər Ağdam bazarından istifadə edib və mallarını həmin bazara çıxarıblar. Bu özü keçmiş ənənəyə qayıtmaqdır. Bunu istəməyən erməni separatçıları və müxalifəti, diaspor təşkilatları qalmaqal yaradırlar. Belə ki, Ermənistanda yaşayanların Laçın sərhəd-buraxılış məntəqəsindən normal şəraitdə keçməsinə mane olurlar. Lakin hərbçilərimiz sadə vətəndaşların keçidinə imkan yaradırlar. Ermənistanın avtomobil karvanı təxribatı sülhə qarşı birbaşa zərbədir. Mən hesab edirəm ki, bu, 1988-ci ildə ermənilərin Sumqayıtda öz vətəndaşlarına qarşı törətdikləri qətliamların yenidən təkrarlanması üçün hazırlanmış plandır. O zamanda belə ssenari vardı. İndi də bu təxribatı eyni cür etməyə çalışırlar”, - deyə hərbi-siyasi ekspert vurğulayıb.
Onun sözlərinə görə, Laçın dəhlizi bərpa edildikdən sonra müxtəlif təxribatların və insan itkisinin qarşısı alınıb. Yəni ərazidə silah olmadığı təqdirdə, insident də baş verməyəcək. Odur ki, humanitar missiyanın məqsədlərindən biri də silahların gizli şəkildə Qarabağ iqtisadi zonasına gətirilməsidir.