Ekspert: Hazırda Azərbaycanda 32 baza stansiyası üzrə 5G sınaqları davam etdirilir – MÜSAHİBƏ
Bakı, 27 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Mobil rabitə sənayesinin ən böyük tədbirlərindən biri olan “MWC25” Doha Konfransı bu il də telekommunikasiya sahəsində qlobal trendləri və yeni nəsil texnologiyaların inkişaf istiqamətlərini müəyyənləşdirdi. Tədbirdə iştirak edən ölkələr arasında Azərbaycan da yer alıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri ekspert Elvin Abbasov AZƏRTAC-a müsahibəsində MWC25-in nəticələrindən, Azərbaycanın 5G-yə keçid prosesindən və yeni texnoloji imkanlardan danışıb.
– “MWC25” bir daha göstərdi ki, mobil rabitə artıq “sürətli internet” dövrünü geridə qoyur. Şəbəkələr getdikcə daha ağıllı, sənayeyönümlü və kütləvi “IoT” tələblərini qarşılayan infrastruktura çevrilir. “5G-Advanced” texnologiyaları yüksək sürətlə yanaşı, “network slicing” (şəbəkə dilimlənməsi) və süni intellekt əsaslı optimallaşdırma imkanları ilə operatorlara sənaye, ağıllı şəhərlər və nəqliyyat sistemləri üçün tamamilə yeni biznes modelləri yaradır.
– Qlobal tendensiyalar fonunda Azərbaycanın hazırda 5G-yə keçidlə bağlı vəziyyətini necə qiymətləndirirsiniz?
– Azərbaycan bu qlobal transformasiyaya qoşulmaq üçün güclü baza yaradıb. Ölkə üzrə fiber-optik infrastrukturun geniş yayılması 5G-nin tətbiqi üçün ciddi üstünlükdür. Hazırda biz 32 baza stansiyası üzrə 5G sınaqlarını davam etdiririk.

– Hazırkı 5G sınaqları hansı ərazilərdə və hansı məqsədlə həyata keçirilir?
– Testlər əsasən Bakının mərkəzində – “Fəvvarələr meydanı” və Formula 1 marşrutu boyunca aparılır. Bundan əlavə, Gəncə və Qarabağda da sınaq stansiyaları fəaliyyət göstərir. Növbəti mərhələdə testlərin genişləndirilməsi, xüsusilə “network slicing” kimi ixtisaslaşmış 5G xidmətlərinin sənaye sahələri üzrə pilot tətbiqləri nəzərdə tutulur.
– Azərbaycanın mobil operatorlarından hansılar 5G tətbiqinə hazırdır?
– Hazırda əsas mobil operatorlar 5G sınaqlarında iştirak edir və kommersiya mərhələsinə keçid üçün texniki hazırlıq aparırlar. Baza stansiyaları, nüvə şəbəkə elementləri və şəbəkə arxitekturasında yeniliklər həyata keçirilir. Lakin kommersiya istifadəsinə tam keçid operatorların fərdi hazırlığından çox, dövlət tərəfindən spektrin buraxılması və tənzimləyici çərçivənin formalaşdırılmasından asılı olacaq.

– Mobil şəbəkələrin Süni İntellekt və “IoT” ilə birləşməsi Azərbaycan iqtisadiyyatına hansı yeni imkanları açır?
– “IoT” və 5G birgə şəkildə ölkənin iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Sənaye avtomatlaşdırması, aqrar monitorinq, enerji sektorunda real zamanlı idarəetmə, “ağıllı şəhər” və “ağıllı nəqliyyat” sistemləri kimi istiqamətlərdə böyük potensial yaranır. Bu, mobil şəbəkələri sadəcə rabitə vasitəsi deyil, iqtisadiyyatın rəqəmsal transformasiyasını təşviq edən strateji xidmət qatına çevirir.