Ekspert: “Humanitar karvan”ın sərhəd-keçid məntəqəsindən buraxılmaması ölkəmizin hüquqi haqqıdır
Bakı, 2 avqust, AZƏRTAC
Ermənistan “humanitar yardım” adı altında qaçaqmalçılıq yolu ilə əldə olunan silah-sursatları Laçın sərhəd-buraxılış məntəqəsindən Xankəndiyə keçirməyə cəhd göstərir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, qarşıya qoyulan bütün hədəflərə nail olunur. Azərbaycanın sərhəddə hazırkı məsələ ilə bağlı ciddi şəkildə mövqeyini ortaya qoyması və ermənilərin “humanitar karvan”ının sərhəd-keçid məntəqəsindən buraxılmaması beynəlxalq normalar çərçivəsində atılan addımdır və ölkəmizin hüquqi haqqıdır.
Bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov deyib.
O, növbəti hədəfin qanunsuz silahlı dəstələrin tərk-silah edilməsi ilə bağlı olduğunu vurğulayıb: “Hazırda Rusiya sülhməramlı qüvvələri qanunsuz şəkildə erməni silahlı dəstələrini himayə edir”.
Hərbi ekspert Rusiya sülhməramlı qüvvələrinin həmin separatçıları dəstəkləmək üçün müəyyən addımlar atdığını deyib: “Qarabağın Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə olan əhalisinin səfərbərliyi haqqında mütəmadi olaraq bəzi məlumatlar yayılır. Səfərbərlik əhalinin müəyyən səbəblə bağlı silahlanması prosesidir. Əgər oradakı əhali silahlanmağı planlaşdırırsa, deməli, ermənilər Rusiya sülhməramlı qüvvələrinin vasitəsilə həmin əraziyə silah-sursat gətirib və orada silah anbarı yaradıblar. Beynəlxalq qanunlara əsasən həmin ərazidə silahlanan dəstələr dövlətə tabe olmursa, onlar terrorçudur və Rusiya sülhməramlıları həmin qüvvələri dəstəkləyir”.
Ş.Ramaldanov imzalanan sənədlərdə Azərbaycan tərəfinin razılığı ilə Rusiya sülhməramlı qüvvələrinin postlarının sayının dəqiq şəkildə qeyd olunduğunu bildirib: “Hazırda həmin ərazidə qanunsuz silahlanmış dəstələrin məntəqələrinin sayı Rusiya sülhməramlı missiyasının postlarından daha çoxdur. Bu isə onların üç ilə yaxın gördüyü işin nəticəsidir. Burada heç bir inteqrasiya yoxdur. Prinsip cəhətdən həmin sülhməramlı qüvvələrin atdığı addımlar ölkəmizi heç cür qane etmir”.