Eldar Aytmatov: Əsərlərimin Bakıda sərgilənməsi mənim üçün böyük şərəf və qürurdur
Bakı, 5 mart, AZƏRTAC
Burada sərgilənən əl işlərindən biri olan “Ölüm kötüyü” öz adını Çingiz Aytmatovun əsərindən götürüb. Mən orada həyat və ölümü təsvir etmişəm və bununla, bu iki hadisənin həyatımızın tərkib hissəsi olduğunu ifadə etməyə çalışmışam.
AZƏRTAC xəbər verir ki, bunu məşhur qırğız yazıçısı Çingiz Aytmatovun oğlu, rəssam Eldar Aytmatov jurnalistlərə müsahibəsində deyib.
Rəssam əsərlərinin Bakıda, Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən məmnun olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu, onun üçün böyük şərəf və qürurdur.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının TOMRİS beynəlxalq sərgisinın açılış mərasimi keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan 20-yə yaxın rəssamın əsərləri nümayiş olunur.