Elektrik enerjisinə tələbat tarixi sərhədi aşdı – ölkə 5 min MVt həddinə yaxınlaşır
Bakı, 8 avqust, AZƏRTAC
Avqustun 6-sı saat 15.00-da ölkə üzrə elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4871 meqavat olub.
“AzərEnerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, sutkalıq enerji istehlakı 100 milyon kilovat-saata yüksəlib.
Bu sürətli artımın arxasında yalnız isti, bürkü və soyuducu sistemlərinin, əyləncə mərkəzlərinin çox işləməsi dayanmır. Əsas səbəb – son illərdə ölkə iqtisadiyyatının, sənaye müəssisələrinin, çoxmənzilli binaların və ümumilikdə bütün sahələrin davamlı və dinamik inkişafıdır.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yayında temperatur 40-42 dərəcə olarkən ölkə üzrə pik tələbat 3625 meqavat olmuşdu. Son 7 ildə isə ölkə üzrə pik tələbat 1200 meqavatdan çox artıb. Buna adekvat olaraq ölkə rəhbərinin tapşırığı əsasında “AzərEnerji” tərəfindən əlavə generasiya mənbələri, yarımstansiyalar yaradılıb, yeni SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası, tezliyin tənzimlənməsi, reaktiv gücün kompensasiyası üzrə yenilənmiş müasir sistemlər tətbiq edilib.
Hazırda “AzərEnerji” ASC nəinki ölkə üzrə tələbata uyğun enerji istehsal etməyə, ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malikdir.