Əmmandakı Kral Avtomobil Muzeyi İordaniyada ən çox ziyarət olunan yerlərdəndir
Əmman, 2 sentyabr (AZƏRTAC). Əmman şəhəri İordaniyanın paytaxtına gələn qonaqların vaxtlarını maraqlı keçirmələrinə kömək edən çoxsaylı muzeyləri ilə öyünə bilər. Belə nadir muzeylərdən biri “Kral Hüseyn Parkı”ndakı Kral Avtomobil Muzeyidir. Qısa vaxtda böyük məşhurluq qazanmış bu muzey 1998-ci ildə - dəbdəbəli avtomobillərin həvəskarı və kolleksiyaçısı kral Hüseynin vəfatından sonra açılmışdır.
Muzeydə Haşimilər sülaləsi hakimiyyətinin 1920-ci illərin əvvəllərindən bu günədək olan dövrü haqqında məlumat verilir. Nümayiş olunan avtomobillər mərhum kral Hüseynin və onun idarə etdiyi ölkənin həyatını, eləcə də kralın hakimiyyətinin müxtəlif tərəflərini əks etdirir, bu ölkənin zəngin tarixi, mədəniyyəti və xüsusiyyətləri haqqında məlumat verir. Ekspozisiya muzeyə gələnlərə krallığın tarixinə - sülalənin əsasını qoymuş kral I Abdullanın dövründən başlamış hazırkı kral II Abdullanın dövrünədək tarixə burada nümayiş olunan avtomobillərin prizmasından yenidən nəzər salmağa imkan yaradır.
Muzeydə 1952-ci ildə buraxılmış, kral Hüseynin İngiltərədə təhsil aldığı illərdə və 1953-cü ildə özünün tacqoyma mərasimi zamanı istifadə etdiyi “Linkoln kapri”, 1936-cı ildə buraxılmış, 1955-ci ildə krala toy hədiyyəsi edilmiş “Kord 810”, kral Hüseynin “Jordan’s Rumman Hill-Climb” yarışlarında istifadə etdiyi “Gullwing” 300SL modelli, 1955-ci ildə buraxılmış “Mercedes-Benz” idman avtomobili, hökmdarın həyatında baş vermiş bu və ya digər hadisələrlə bağlı olan bir çox nadir eksponatlar nümayiş olunur.
Muzeyin ekspozisiyasında nadir avtomobillərlə yanaşı, arxiv fotoşəkilləri və sənədli videoyazılar da saxlanır. Multimedia zalı, kitabxana və suvenir mağazası buraya gələnlərin İordaniyanın tarixi haqqında daha çox məlumat əldə etmələrinə imkan yaradır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman