Epizootoloji monitorinqlər keçiriləcək
Bakı, 1 avqust, AZƏRTAC
Cari ilin 11-22 avqust tarixlərində respublika ərazisində atların, arıların və donuzların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinə məqsədilə diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innnovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, tədbir müddətində müşahidə aparılacaq ərazilər və epizootoloji vəziyyət barədə məlumatlar müvafiq elektron sistemə daxil ediləcək.
Monitorinqdə AQTA-nın, Qida Təhlükəsizliyi İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri iştirak edəcəklər.