Əqli Mülkiyyət Agentliyi ölkəmizin innovativ inkişafına dəstək verir
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov “Boston Consulting Group” şirkətinin direktoru Eduard Çerkini qəbul edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə K.İmanov Əqli Mülkiyyət Agentliyinin ölkəmizdə aparılan islahatların yeni mərhələsində dövlət başçısının həyata keçirdiyi siyasətə dəstək verdiyini, Azərbaycanda bütövlükdə əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən, işçiləri dövlət qulluqçularına bərabər tutulan ixtisaslaşmış dövlət qurumu olduğunu bildirib.
E.Çerkin Agentliyin innovativ inkişaf sahəsində məqsədləri, ölkəmizin əqli mülkiyyət hüquqları sahəsində qanunvericilik bazası, Azərbaycanın dünya miqyasında innovasiya üzrə daha çox hansı sahələrdə ixtisaslaşması barədə maraqlanıb.
K.İmanov Agentliyin qarşısında duran vəzifələrin dövlət başçısının innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasəti ilə müəyyən edildiyini və innovativ inkişaf siyasətinin seçilməsinin bilavasitə əqli mülkiyyət hüquqlarının qorunması ilə əlaqəli olduğunu diqqətə çatdırıb. O, Dünya Bankının “Doing Business-2020” hesabatında Azərbaycanın ən islahatçı 20 ölkə sırasında yer aldığını qeyd edərək Agentlik tərəfindən yeni startapların yaranmasının təşviqi üçün müxtəlif tədbirlər həyata keçirildiyini, eyni zamanda “Microsoft”, “Trimble Tekla”, “Oracle” kimi iri şirkətlərlə əməkdaşlıq edildiyini bildirib.
K.İmanov ölkəmizin əqli mülkiyyət sahəsində qanunvericiliyi haqqında ətraflı məlumat verərək Agentlik tərəfindən bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, müvafiq hüquqların qorunması və idarəolunması istiqamətlərində müntəzəm tədbirləri diqqətə çatdırıb.
Azərbaycanda xüsusən neft, kimya sahələrində ixtiraların daha çox olduğunu vurğulayan K.İmanov Agentlik tərəfindən universitet və elmi-tədqiqat müəssisələrinə əqli mülkiyyət siyasəti sahəsində dəstək verildiyini, tezliklə Agentliyin tabeliyində Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin yaradılacağını bildirib.
Səmimi şəraitdə keçirilən görüşdə innovasiyaların yaradılması, tətbiqi və onların gəlir gətirməsi ilə bağlı Agentlik tərəfindən aparılmış tədqiqatın nəticələri barədə ətraflı məlumat verilib, qurumun əqli mülkiyyətin kommersiyalaşdırılması və innovasiyalara dəstək sahəsində nəşr etdirdiyi kitablar və maarifləndirmə materialları qonağa təqdim edilib.