Ermənistan gizli yollarla gətirdiyi minaları torpaqlarımıza basdırır
Bakı, 17 dekabr, AZƏRTAC
Kəlbəcərdə Azərbaycan vətəndaşlarının minaya düşməsi erməni terrorunun davamı kimi qiymətləndirilməlidir. İşğal müddətində torpaqlarımıza milyonlarla mina basdıran Ermənistan müxtəlif platformalarda keçirilən sülh danışıqlarına baxmayaraq, dəqiq mina xəritələrini vermək istəmir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini, politoloq Yalçın Hacızadə söyləyib.
Politoloq qeyd edib ki, özünü dünyaya sülhsevər, humanist və əzilən tərəf kimi göstərməyə çalışan Ermənistan insanların minaya düşərək həlak olmasını, xəsarət almasını sadəcə seyr edir. Halbuki, ərazilərimizin mina ilə çirkləndirilməsi və müharibədən sonra dəqiq xəritələrin verilməməsi “Piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən” 1999-cu il Ottava Konvensiyasının şərtlərinə ziddir. Çox təəssüflər olsun ki, insan hüquqları “carçısı” olan beynəlxalq təşkilatlar da müharibədən sonra yüzlərlə vətəndaşımızın mina qurbanı olması faktını görməzdən gələrək susurlar.
“Sülhün yaranmasında maraqlı olmayan, imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə zidd olaraq hələ də Azərbaycan ərazilərindən öz silahlı qüvvələrini çıxarmayan Ermənistan, terror siyasətini davam etdirərək gizli yollarla gətirdiyi minaları torpaqlarımıza basdırır. Bu gün Laçın yolunda azərbaycanlı ekosevərlər qarşısında sədlər çəkən rus sülhməramlıları eyni yolla Ermənistanın əraziyə mina, silah daşımasına şərait yaradır”, - deyə Yalçın Hacızadə vurğulayıb.
O əlavə edib ki, Ermənistanın işğal etdiyi bütün ərazini minalaması, əslində, onların dövlətimizdən, ordumuzdan qorxduğunu və Azərbaycan xalqının həmin ərazilərə qayıdacağını bildiklərini göstərir.
İşğal müddətində ərazilərimizi xarabalığa çevirən, ekosistemi məhv edən, torpağa milyonlarla mina basdıran Ermənistandan fərqli olaraq Azərbaycan işğaldan azad olunmuş yerlərdə böyük quruculuq, bərpa işləri aparır, təbiəti yenidən canlandırır. Həmçinin qarış-qarış, əzab-əziyyətlə minaları təmizləyir. Əlbəttə, bütün bunlar torpağın sahibinin kim olduğunu müəyyənləşdirir.