Ermənistan silahlı bölmələri ötən sutka ərzində atəşkəs rejimini 145 dəfə pozub
Bakı, 6 sentyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 145 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Barekamavan, Voskepar kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Ayqepar, Mosesqex, Çinari kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Kəmərli, Qaymaqlı, Aşağı Əskipara, Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Göyarx, Çaylı, Yarımca, Ağdam rayonunun Novruzlu, Sarıcalı, Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Qaraqaşlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 208 atəş zərbəsi endirib.