Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsi idarəçi axtarışındadır
Bakı, 1 iyul, AZƏRTAC
“Yüksəliş” müsabiqəsi işə düzəlmək üçün müsabiqə deyil. Müsabiqə iştirakçılarının hər birinin işi var. “Yüksəliş” müsabiqəsi idarəçi axtarışındadır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev deyib. Onun sözlərinə görə, müsabiqədə qalib olan hər kəsin adı kadr bankında mövcuddur: “Müsabiqə qaliblərinin vəzifələrində müəyyən qədər yüksəlişlər olub. Onların arasından təxminən bir neçəsi rəhbər vəzifələrə təyinat alıb. Əvvəlki iki müsabiqədən fərqli olaraq üçüncü “Yüksəliş” müsabiqəsində təqdim olunan yeni keyslər Azərbaycandakı mövcud vəziyyət, Qarabağda işsizlik, Mingəçevirdə baş verən fövqəladə vəziyyət, Ulu Öndərin ölkəmizə verdiyi töhfələrlə bağlı olacaq”.
Fərhad Hacıyev üçüncü "Yüksəliş" müsabiqəsində qadın namizədlərin müraciətlərində artım olmadığını bildirib. Qeyd edib ki, növbəti müsabiqələrdə daha çox qadın iştirakçıların cəlbi üçün maarifləndirmə işləri artırmalıdır.
Qeyd edək ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncü “Yüksəliş” müsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. Yarımfinal mərhələsindən sonra iyulun 15-16-da final mərhələlərinin keçirilməsi ilə üçüncü “Yüksəliş” müsabiqəsi yekunlaşacaq.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.
“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.