Fərid Qayıbov: İnanıram ki, idmançılarımız medallarımızın sayını artıracaqlar
Bakı, 23 avqust, AZƏRTAC
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının 7-ci günündə qaliblərə medalları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
AZƏRTAC xəbər verir ki, nazir daha sonra yarışda gümüş medal qazanan komandamızın uğurlu çıxışı barədə təəssüratlarını media nümayəndələri ilə bölüşüb:
“Təbii ki, hamımız medal gözləyirdik. Nəhayət, bu oldu. Çox istəyərik ki, gümüş medal sonuncu olmasın. Yarış davam edir. Bizim idmançılarımız yenə çıxış edəcəklər. İnanıram ki, onlar sona kimi mübarizə aparıb medallarımızın sayını artıracaqlar. Azərbaycan Atıcılıq Federasiyasını və təşkilatçıları təbrik edirəm. Yarış çox gözəl təşkil olunub. Bunu biz demirik. Beynəlxalq federasiyaların, qitə qurumlarının, başqa ölkələrin nümayəndələrinin hər biri bu yarışın yüksək səviyyədə təşkil edildiyini deyirlər. Bu da göz önündədir”.
F.Qayıbov mükafatlandırma mərasiminə qatılması barədə də danışıb: “Dünya çempionatı boyunca buraya bir-iki dəfə gəlmişdim. Bütün günü burada ola bilmirəm. Amma onlayn baxırdım. Federasiya rəhbərliyi ilə əlaqədə idik. İdmançılara dəstək üçün gəlirik. Bəzən deyirlər ki, bu dəstək onlara mane ola bilər. Ona görə bizim üçün də çətindir. İnanırıq ki, növbəti günlərdə də atletlərimiz medallar qazanacaq”.