Fərid Şəfiyev: Azərbaycanın ətrafında mürəkkəb geosiyasi hadisələr baş verir
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycanın ətrafında mürəkkəb geosiyasi hadisələr baş verir. Ölkəmizin gündəliyində bir sıra vacib məsələlər mövcuddur. Bunlardan ən vacibi və birincisi Ermənistanla danışıqlar prosesidir. Təbii ki, bu danışıqlar prosesinin əsas hədəfi sülh sazişinin imzalanmasıdır.
Bunu AZƏRTAC-a məxsusi açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev deyib.
BMTM-in rəhbəri bildirib ki, delimitasiya, nəqliyyat dəhlizlərinin açılması və bəzi humanitar məsələlər bu prosesin istiqamətlərindəndir.
“Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişinin imzalanması prosesi ilə bağlı bir sıra kritik məqamlar var və bu da ictimaiyyətdə müəyyən suallar doğurur. Amma hər şey, o cümlədən bizim hədəfimiz də aydındır. Biz 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etmişik və bu məqsədə pillə-pillə irəliləyərək çatmışıq. Qarabağda qeyri-qanuni erməni birləşmələri qalıb və üçtərəfli Bəyanata uyğun olaraq həmin əraziyə müvəqqəti olaraq Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilib.
Geosiyasi, hərbi-iqtisadi aspektlər fonunda biz ehtiyat tədbirləri görməliyik. Ölkəmizin iqtisadi inkişafı bizə Ordumuzu gücləndirməyə, təlimlər keçirməyə imkan verir.
Bizim növbəti hədəfimiz həmin ərazilərdə Azərbaycanın tam inzibati nəzarətini bərpa etməkdir. Bu məsələ də mərhələli şəkildə öz həllini tapacaq”, - deyə Fərid Şəfiyev vurğulayıb.