İQTİSADİYYAT
Fermer və sahibkar kənd qadınları Milli Biznes Gündəliyi platformasına qoşulur
![](/files/galleryphoto/2023/2/1200x630/1688538093177617395_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16885380932792338276_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16885380933533357023_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/1688538093876647335_1200x630.jpg)
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Kənd Qadınları Assosiasiyası (AKQA) fermer və sahibkar qadınların regiondakı resurslara çıxışı və resurslardan istifadəsini asanlaşdırmaq məqsədilə Balakən və Zaqatala rayonlarında dəyirmi masa müzakirələri keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirin iştirakçıları adı çəkilən rayonlarda fəaliyyət göstərən qadın inkişaf və müəssisə qrupları, qadın kooperativləri, rayon məşğulluq idarələri, KOB dostları, qadın resurs mərkəzləri, potensial qadın sahibkarlar və fermerlər, regional vergi idarəsi əməkdaşları və Dövlət Aqrar İnkişaf mərkəzlərinin nümayəndələri olub.
Tədbirdə müzakirələr əsasən USAİD Özəl Sektorun İnkişafı Layihəsi tərəfindən dəstəklənən “Qadınların Milli Biznes Gündəliyi” sənədi ətrafında aparılıb.
Müzakirələr zamanı bildirilib ki, “Qadınların Milli Biznes Gündəliyi” 9 Qeyri-Hökumət Təşkilatının qadın rəhbərlərinin bir araya gələrək qadınların sosial həyata inteqrasiyasını sürətləndirmək və qadın sahibkarlığının inkişafı ilə bağlı 3 əsas istiqamətdə hazırladığı tövsiyələr toplusundan ibarətdir. Hədəf kimi götürülən istiqamətlər sahibkar qadınlara dəstək, işçi qüvvəsində qadınlara dəstək və gender aspektlərini nəzərə alan dəstək mexanizmlərinin hazırlanmasından ibarət olduğu qeyd olunub.
Zaqatala rayonunda dəyirmi masa müzakirəsinə qoşulan qadın qruplarının nümayəndələri istehsal etdikləri məhsullara qida sertifikatı almaq üçün qaydaların sadələşdirilməsini arzu etdiklərini bildiriblər. Balakən rayonunda fəaliyyət göstərən sahibkar qadınlar isə rayonun torpaq resurslarına çıxışla bağlı ciddi çətinliklər olduğunu vurğulayıblar.
Müzakirələr zamanı fermer qadınlar üçün xüsusi subsidiyalar paketinin hazırlanması, güzəştli kənd təsərrüfatı xidmətləri, o cümlədən suvarma suyu, torpaq icarəsi, gübrələr və s. kimi resurslara qadınların çıxışının asanlaşdırılması da iştirakçılar tərəfindən vacib hesab olunub.