Fermerlər iqlim dəyişikliyinə uyğunlaşma mövzusunda maarifləndirilib
Xaçmaz, 29 iyul, Elxan Yusifli, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP), Yaşıl İqlim Fondu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda yerli icmalar üçün “Kənd təsərrüfatında iqlim dəyişikliyinə uyğunlaşma” mövzusunda təlim təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən təlimlər zamanı Quba və Xaçmaz rayonlarında yerli fermerlər kənd təsərrüfatının davamlı inkişafına nail olmaq yolları, o cümlədən quraqlığa və şoranlığa davamlı taxıl növlərinin becərilməsi, kənd təsərrüfatında müasir suvarma sistemlərində sudan səmərəli istifadə, meyvə bağlarında gözlənilən sərt hava şəraitinə hazırlıq üçün profilaktik tədbirlər haqqında maarifləndirilib.
Təlimdə yerli fermerlərin iqlim dəyişikliyi ilə əlaqədar kənd təsərrüfatı sektorunda üzləşdikləri problemlər haqqında məlumatlarını artırmaq məqsədilə interaktiv sorğu keçirilib. Bundan əlavə, su sektorunda gender aspekti hərtərəfli müzakirə edilib, iştirakçılara iqlim dəyişikliyinin həm kişilərə, həm də qadınlara diferensial təsirləri, eləcə də sudan səmərəli istifadə olunmasında qadın və kişilərin töhfələri haqqında məlumat verilib.
Diqqətə çatdırılıb ki, iqlim dəyişikliyi Azərbaycanda taxıl və meyvə sahələrinə və ümumilikdə kənd təsərrüfatına ciddi təsir göstərir. Fermerlər bu təsirləri azaltmaq üçün bir sıra qabaqlayıcı tədbirlər görə bilərlər. Taxılçılıqda sudan istifadəni optimallaşdırmaq üçün müasir suvarma sistemlərinin mənimsənilməsi, quraqlığa və şoranlığa davamlı taxıl növlərinin becərilməsi, bitki sıxlığının hava proqnozlarına uyğun tənzimlənməsi və qabaqlayıcı aqrokimyəvi tədbirlərin görülməsi əsas yanaşmalardandır.