FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib
Bakı, 22 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsində “açıq qapı” günü keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə paytaxtın Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Mauqli” uşaq bağçasının təşkil etdiyi yay məktəbi iştirakçıları və müəllimlər iştirak edib.
Tədbirin keçirilməsində məqsəd azyaşlıların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda, ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına və yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
İştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların məşqlərinin bir hissəsi də əyani şəkildə nümayiş etdirilib. Həmçinin uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Sonda azyaşlıların sualları cavablandırılıb.