FHN-in Mülki müdafiə qoşunlarında çoxnövçülük idmanı üzrə birincilik keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının komandanlığının təşkilatçılığı ilə 2025-ci ilin hazırlıq planına əsasən Mülki müdafiə qoşunlarının (MMQ) hərbi hissələri arasında çoxnövçülük idmanı üzrə birincilik keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını bildiriblər.
Mülki müdafiə qoşunlarının Fiziki hazırlıq və idman şöbəsinin zabitlərindən ibarət hakimlərin idarəçiliyi ilə keçirilən yarışda ümumilikdə 40 idmançı iştirak edib. İdmançılar 100 və 1000 metrə qaçış, daşqaldırma və turnikdə dartınma növlərində həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.
Gərgin keçən yarışda komanda hesabında birinci yeri Quba, ikinci yeri Bakı, üçüncü yeri isə Şirvan komandası tutub.
Şəxsi göstəricilərə görə leytenant Renad Qurbanov birinci, baş çavuş Nurlan Sadıqov ikinci, çavuş Cavanşir Fərzəliyev üçüncü yerə layiq görülüb.
Birinciliyin yekununda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.