FHN: Ötən sutka ərzində 83 halda yanğına çıxış olub VİDEO
Bakı, 18 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 83 halda yanğına çıxış və 13 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində üçü azyaşlı olmaqla 13 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 5 nəfər xilas olunub. Yanğın zamanı 14 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin Sumqayıt şəhərində iki nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.