FHN: Qəbul-çeşidləmə məntəqələri fəaliyyətini 24 saat ərzində fasiləsiz davam etdirir
Bakı, 27 mart, AZƏRTAC
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstan ilə sərhəddə Qazax rayonunun ərazisində yerləşən “Qırmızı körpü” və Balakən rayonunun ərazisindəki “Mazımçay” sərhəd-keçid məntəqələrinin yaxınlığında Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yaradılmış qəbul-çeşidləmə məntəqələri fəaliyyətini 24 saat ərzində fasiləsiz davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qısa müddətdə çadırlarının sayı 20-dən 60-a, çarpayılarının sayı 300-ə çatdırılan “Qırmızı körpü” və 20 çadır, 100 çarpayıdan ibarət “Mazımçay” qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, çadırların isidilməsi, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.
Qəbul-çeşidləmə məntəqələrində olan Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, martın 27-nə olan məlumata əsasən, hər cür tibbi avadanlıqla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları tərəfindən “Qırmızı körpü” və “Mazımçay” qəbul-çeşidləmə məntəqələrində Azərbaycan ərazisinə keçən ümumilikdə 156 nəfər müayinədən keçirilib. “Qırmızı körpü” qəbul-çeşidləmə məntəqəsi üzrə 119, “Mazımçay” məntəqəsi üzrə 37 nəfər müayinə olunub. Müayinədən keçənlərdən 28 nəfərdə şübhəli əlamətlər aşkarlandığından həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib. Digər şəxslərin karantin rejimində qalması təmin olunub.