FHN yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb
Bakı, 4 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Goranboy rayonu, Meşəli kəndində yerləşən Əsədov Qorxmaz Abdulla oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, obyektin elektrik təsərrüfatı istismar qaydalarının tələblərinə cavab vermir və nasaz elektrik qurğularından istifadə edilib, avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olması barədə müvafiq sənəd təqdim olunmayıb, obyektin ərazisi yanar tullantılardan təmizlənməyib. Eyni zamanda, obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.