Formula 1 yarışlarını izləyən turistlər Bakı haqqında xoş təəssüratlarını bölüşüblər
Bakı, 30 aprel, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisini izləmək üçün ölkəmizə çoxlu sayda turist təşrif buyurub. Qonaqlar şəhərimizlə tanış olub, tarixi məkanlara və əyləncə mərkəzlərinə baş çəkib və ölkəmizin fərqli xüsusiyyətlərinin, özünəməxsus ənənələrinin şahidi olublar.
AZƏRTAC turistlərin Bakı ilə bağlı xoş təəssüratlarını təqdim edir.
Finlandiyalı turist Maria Lüftü: “Şəhərinizin gözəlliyi və qonaqpərvərliyi məni valeh etdi. Finlandiyadan gəlməyimin başlıca səbəbi pilot Kimi Raykonnen izləməkdir. Biz onu çox sevirik. Ölkəmizi təmsil edən Valtteri Bottas da dəstəkləyirik. Bakıya ilk səfərimdir və bundan çox xoşbəxtəm. Gələn il yenidən Bakıya gələcəyəm”.
Finlandiyalı turist Tone Reyonen: “Biz bir çox yerlərdə olmuşuq, amma Bakı ən gözəlidir. Düşünürəm ki, sizin çox gözəl mədəniyyətiniz, qonaqpərvər insanlarınız var. Yeməkləriniz, şərablarınız çox dadlıdır”.
Almaniyalı turist Kristian Kaps: “İlk dəfədir Azərbaycandayam. Ölkəniz çox gözəldir. Şəhərinizin maraqlı memarlıq üslubu var. Alov qüllələri, İçərişəhər, Fəvvarələr meydanında oldum və çox xoşuma gəldi. Bakıya Formula 1 yarışlarını izləmək üçün gəlmişdim. Deyə bilərəm ki, yarış əla təşkil olunub və böyük zövq aldım”.
Danimarkalı turist Jespev Eybi: “Şəhəriniz çox xoşuma gəldi. İlk dəfədir Bakıdayam, təhlükəsiz, sakit şəhəriniz var. Burada heç bir çətinliklə qarşılaşmadım. Formula 1-i izlədim və bu yarışdan böyük zövq aldım”.
Niderlandlı turist Robert Sebveçts: “Azərbaycanı çox sevirəm. İlk dəfədir buradayam və çox məmnun qaldım. Yenə gələcəyəm və böyük maraqlı şəhəriniz var. Bir tərəfdə hündür binalar, yeni, müasir üslub, digər tərəfdə qədimlik, köhnə şəhər. Bu harmoniyadan gözəl şəhər yaranıb. Azərbaycan meyvələri bizim ölkəyə ixrac olunur. Mən həmişə onlardan alıram. Bu meyvələr çox dadlıdır”.
Dünyanın müxtəlif ölkələrindən gələn turistlər ölkəmizlə bağlı suvenirlər alır, maraqlı məkanlarda xatirə şəkilləri çəkdirirlər.