Fransada Azərbaycan jurnalistlərinə hücum söz və ifadə azadlığına qəsddir - Şərh
Bakı, 30 iyun, AZƏRTAC
Azərbaycan Televiziyasının əməkdaşları Fransada toqquşmalarla bağlı çəkiliş apararkən hücuma məruz qalması, nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alması, kameranın isə sındırılması söz və ifadə azadlığına qəsddir. Baş verən bu hadisələri şiddətlə qınayır, bunu təkcə Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə azad jurnalistika fəaliyyətinə təzyiq hesab edirik. Fransanın hüquq-mühafizə orqanları həmin hadisəni obyektiv araşdırmalı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməlidir. Bu hadisə Fransada çəkiliş aparan zaman olub.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Həmvətənlərə Dəstək İctimai Birliyinin təsisçisi, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.
Bildirilib ki, Fransanın dünyada apardığı ikili, üçlü standartlar ölkəmizdən də yan keçməyib. Rəsmi Parisin bu anlaşılmaz mövqeyi 100 il bundan əvvəl də ağır nəticəsini yeni qurulmuş Azərbaycan Cümhuriyyəti ilə bağlı göstərmişdi. Paris sülh konfransına getmək üçün Azərbaycan nümayəndə heyəti ləngidilirdi. Həmin dövrdə isə Qarabağda üsyan başlayırdı. Ermənilər Qarabağda və Azərbaycanın digər bölgələrində qətliam törədirdi. Əgər o zaman Nuru Paşanın ordusu Bakıya gəlməsəydi, Azərbaycanda demək olar ki, tamamilə etnik təmizləmə həyata keçiriləcəkdi. Bütün bu prosesləri Azərbaycan Televiziyası dəfələrlə yayımlayırdı. Bu baxımdan da etnik terrora yol açacaq proseslərə dəstək olan Fransa mətbuata qarşı terrora və təzyiqə başlayıb.
Hərbi-siyasi ekspert, həmçinin qeyd edib: “Əfsuslar olsun ki, bütün dünya ictimaiyyətinə özünü guya demokratiya, sülhün carçısı, insan hüquqlarını müdafiə edən ölkə kimi göstərən Fransa dövləti Azərbaycan jurnalistlərinə təzyiq göstərməklə özünün məkrli siyasətini dünyaya bir daha bəyan etdi. Düşünürəm ki, Fransada nəinki Azərbaycan Televiziyasının, hətta bütün dünya mətbuatının çəkiliş heyətinə təzyiq göstərilib. Ancaq əsas məqsəd bu gün dünyada gücünü, nüfuzunu göstərən Azərbaycan dövlətinin Fransadakı həqiqətlərlə bağlı açıqlamalarına mane olmaqdır. Çünki bütün Ərəb Liqası və Qoşulmama Hərəkatı dövlətlərinin nümayəndələri Azərbaycan mətbuatını çox yaxından izləyirlər və dünyanın ən dəqiq məlumatları məhz ölkəmizdən yayılır.
Fransada baş verən bütün proseslər Emanuel Makron iqtidarına çox ağır zərbə vurmaqdadır. Ona görə də o, dünya liderləri arasında ən çox tənqid olunan lider kimi qalmaqdadır. Erməni lobbisinin dəstəyini almaq və seçicilərinin sayını çoxaltmaq üçün bu gün yanlış olaraq Qarabağdakı problemlərin qabardılması ilə Fransa bütün çirkin əməllərini ört-basdır etmək istəyir”.
Elmar Hüseyn qeyd edib ki, Fransada baş vermiş hadisələr sadə vətəndaşların hakimiyyətin yersiz islahatlarından bezdiklərini göstərir. İnsanların irqi mənsubiyyətinə görə qətlə yetirilməsi isə Fransanın tarixindən qaynaqlanır. Çünki bu ölkə qanlı müstəmləkə tarixinə malikdir. Ona görə də bu gün Fransada baş verən hadisələr yalnız polisin təsadüfən etdiyi hərəkət deyil, məqsədyönlü şəkildə planlaşdırılmış terror aktıdır. Bu, bir daha Fransada demokratiya dəyərlərinin tapdalandığını nümayiş etdirir.