Fransadan müstəqillik tələb edən korsikalıların mübarizəsi divarlardakı rəsmlərdə əksini tapır FOTOSESSİYA
Bastiya, 18 yanvar, AZƏRTAC
Korsikada müstəqillik və muxtariyyət tərəfdarları millətçilərin bayrağı altında birləşərək mübarizələrini davam etdirir və adanın siyasi suverenliyini tələb edirlər. Bu suverenliyi əldə etmək üçün 1980-ci illərdə Fransa təsisatlarına qarşı zorakılıqlar həyata keçirilib, həbsxanalara, prefekturalara hücumlar olub. Prefekt Erinyakın qatili İvan Kolonnanın 2022-ci ildə həbsxanada qətlə yetirilməsi Korsika millətçilərini qəzəbləndirib və nümayişlər yenidən başlayıb. Separatçılar davamlı iqtisadiyyatın inkişafı üçün turizm infrastrukturunu məhdudlaşdırmağı, İvan Kolonna da daxil olmaqla, millətçi hərəkatın həbsdə olan üzvlərinə “siyasi məhbus” statusunun verilməsini tələb edirlər. Həmçinin Korsika dilinin təbliği və adadakı məktəblərdə onun məcburi tədrisi bütün korsikalıların, o cümlədən millətçilərin əsas tələbləri sırasındadır.
AZƏRTAC Bastiya şəhərində millətçilərin tələblərini, eləcə də ada uğrunda canlarını fəda etmiş sakinlərin şəkillərini əks etdirən küçə rəsmlərindən ibarət fotosessiyanı təqdim edir.



Bir neçə il əvvəl Korsikada jandarma qüvvələri ilə nümayişçilər arasında şiddətli qarşıdurmalar baş verdi. Qarşıdurma sakitləşdirilsə də, Korsika millətçiləri mübarizələrini davam etdirir, istəklərini ifadə etmək üçün divarlardan istifadə edirlər. Bastiya şəhərində də millətçilər istəklərini və tələblərini şüarlar formasında divarlara yazaraq, sanki insanları mübarizəni unutmamağa səsləyir, eyni zamanda, fikirlərini açıq şəkildə ifadə edirlər.






Şəhərin demək olar hər divarında həbs edilmiş millətçilərin şəkilləri var. Onlar sakinləri ada uğrunda mübarizə aparan həmvətənlərini unutmamağa çağırırlar.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Bastia