Fransız müşavir: Makron Azərbaycan Prezidentinin arqumentlərini dinləməlidir
Bakı, 23 fevral, AZƏRTAC
Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüş oldu. Çox təəssüf ki, Avropa bu görüşdə təmsil olunmadı. Bu, tarixi səhifənin artıq çevrildiyini göstərir.
Bu sözləri AZƏRTAC-a məxsusi açıqlamasında Diplomatiya və Dialoq üzrə Beynəlxalq Şuranın direktoru və hökumət müşaviri Erik Qozlan söyləyib.
Müşavir deyib: “Emmanuel Makron və bəzi deputatlar düşünürlər ki, Prezident İlham Əliyev Fransaya nifrət edir. Prezident İlham Əliyevin mövqeyini bilmək üçün onun Fransa Respublikası və Prezident Emmanuel Makronla bağlı fikirlərini yerli mediada izləmək kifayətdir. Azərbaycan Prezidenti Fransa prezidentləri Jak Şirak, Fransua Olland ilə görüşlərdən danışır, iki ölkə arasında münasibətlərə toxunur. Məncə, Fransa Azərbaycanla müzakirələr aparmalı, ikitərəfli münasibətlərə yenidən baxmalıdır”.
Makronun səhvlərinin çox olduğunu bildirən E.Qozlan qeyd edib: “Makron Ermənistan baş nazirinə zəng edib danışır, sonra mətbuat konfransı keçirir və daha sonra Azərbaycan Prezidentinə zəng edir. Bu, düzgün danışıq forması deyil. Əvvəlcə hər iki tərəf dinlənilməlidir, sonra isə kimi dəstəkləyib-dəstəkləmək hər kəsin öz işidir. E.Makron, eləcə də fransız siyasətçilər Azərbaycanı dinləməli və onun arqumentlərini eşitməlidirlər. Makron, həmçinin Azərbaycanın Parisdəki səfiri vasitəsilə Azərbaycan Prezidentinin arqumentləri ilə tanış olmalıdır”.