Gənc alimin beynəlxalq ekspert kimi fəaliyyəti sertifikata layiq görülüb
Bakı, 30 iyun, AZƏRTAC
AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin “Bioüzvi kimya” (Bioorganic chemistry) jurnalında beynəlxalq ekspert kimi fəaliyyəti sertifikata layiq görülüb.
Dosent Əfsun Sucayev AZƏRTAC-a açıqlamasında bildirib ki, 2018-ci ildən jurnalla əməkdaşlıq edir. Jurnalın ekspertlər siyahısına daxil edilib. İndiyə qədər bu jurnaldan göndərilən 10-dan çox məqaləyə elmi rəy verib.
Xatırladaq ki, “Bioüzvi kimya” “jurnalı “Web of Science” bazasına daxildir, hər buraxılışında üzvi kimya, biokimya və tibb sahəsində aparılan fundamental nəzəri və tətbiqi elmi tədqiqatlarla bağlı nüfuzlu məqalələr dərc olunur. Jurnalın impakt faktoru 3.926-dır.