Gənc müəllimlər üçün keçirilən “Təlimçilər üçün təlim” proqramının birinci mərhələsi yekunlaşıb
Bakı, 15 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Təlimçilər üçün təlim” proqramının üç gün davam edən təlimləri yekunlaşıb. Təlimlərdə 12 regiondan 20 gənc müəllim iştirak edib.
Gənc Müəllimlər Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, gənc müəllimlər təlim kursundan gözləntilər, təhsilin formaları, öyrənmənin müasir metodları, təcrübə əsaslı öyrənmə, insan hüquqları mövzuları ətrafında müzakirələr aparıb, qrup işləri və vörkşoplar təşkil ediblər.
Proqramın əsas məqsədi təhsil sahəsində çalışan təlimçilərin bu istiqamətdə təcrübələrinin artırılması, təlim keyfiyyətinin yüksəldilməsi, fərqli təlim metodlarının və qeyri-formal təhsil üsullarının təlimçilər tərəfindən daha effektiv şəkildə tətbiq olunmasını təşviq etməkdir.
Ümumilikdə üç gün davam edən proqramın növbəti mərhələsində müəllimlər regionlarda davamlılıq layihələri həyata keçirəcəklər.