“GƏNCLƏR İLİ”NİN YEKUNLARI İLƏ BAĞLI TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 27-də Bakı İdman Sarayında “Gənclər ili”nin yekunları ilə bağlı təntənəli mərasim keçirilmişdir. Əvvəlcə Gənclər və İdman Nazirliyinin nümayəndələri Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil qoymuşlar. 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı önünə də gül dəstələri düzülmüşdür.
Daha sonra Şəhidlər xiyabanına gedən mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə tər güllər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
Tədbir Bakı İdman Sarayında konsert proqramı ilə davam etdirilmişdir. Əvvəlcə “Gənclər ili” elan edilən 2007-ci ildə gənclər siyasəti sahəsində görülən işlər, paytaxtımızda keçirilmiş beynəlxalq konfranslar, sərgilər, ümumiyyətlə, gəncləri əhatə edən mədəni-kütləvi tədbirlərdən bəhs edən film nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidenti İlham Əliyevin adından “Gənclər ili”nin başa çatması və qarşıdan gələn bayramlar münasibətilə gəncləri təbrik edərək, ölkəmizin ictimai-siyasi həyatında onların müstəsna rolunu yüksək qiymətləndirmişdir.
Nazir bir sıra əlamətdar hadisələrlə yadda qalacaq gələn ildə də gənclər siyasəti sahəsində yeni layihələrin həyata keçiriləcəyinə əminliyini vurğulamışdır.
Daha sonra ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən, gənclər siyasətinin uğurla həyata keçirilməsinə öz töhfələrini verən təşkilatlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılmışlar.