“Gənclərə tanıtım - Qafqaz İslam Ordusu yolu” mədəni irs turu təşkil olunacaqdır
Bakı, 9 sentyabr (AZƏRTAC). “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən sentyabrın 12-13-də “Gənclərə tanıtım - Qafqaz İslam Ordusu yolu” mədəni irs turu təşkil ediləcəkdir.
İctimai Birlikdən AZƏRTAC-a bildirmişlər ki, mədəni irs turu Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 95 illik yubileyinə həsr olunacaqdır. Məlum olduğu kimi, 1918-ci il sentyabrın 15-də işğal altında olan Bakı və ətraf bölgələri Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilmişdir.
İkigünlük tura qatılanlar Gəncə-Göyçay-Ağsu-Şamaxı-Hökməli-Güzdək-Bakı (Şəhidlər xiyabanı) marşrutu ilə hərəkət edəcəklər. İştirakçılar XX əsrin əvvəllərində xalqımızın erməni daşnakları və bolşeviklərə qarşı mübarizəsində qardaşlıq köməyinə yetişən və Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolunu izləməyə nail olacaqlar.
Tura qatılanlar, həmçinin Qafqaz İslam Ordusunun formalaşması, Nuru Paşanın rəhbərliyi altında Gəncədən Bakıyadək ərazilərimizin erməni və bolşevik işğalından azad edilməsində aparılan döyüşlər, gərgin geosiyasi vəziyyətdə Türkiyənin və Azərbaycanın atdığı addımlar haqqında söhbətləri dinləyəcəklər.
İştirakçılar, həmçinin Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi ilə tanış olacaq, orada gecələyəcəklər.