GÖRKƏMLİ QAZAX YAZIÇISI VƏ İCTİMAİ XADİM OLJAS SÜLEYMENOV BAKININ QONAĞIDIR
Qonaq Fəxri xiyabana gedərək, görkəmli dövlət xadimi, türk dünyasının böyük oğlu Heydər Əliyevin məzarını ziyarət etmiş, əklil qoymuşdur.
Oljas Süleymenov görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət etmişdir.
Sonra o, Şəhidlər xiyabanında olmuş, xalqımızın azadlığı və müstəqilliyi, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Azərbaycan övladlarının məzarları üzərinə gül dəstələri düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuş, türk əsgərlərinin xatirə abidəsini ziyarət etmişdir.
Sonra Oljas Süleymenov Qafqaz Universitetinin aylıq seminarları seriyası çərçivəsində Musiqili Komediya Teatrında keçirilən “Milli və planetar düşüncə” mövzusunda məşğələdə iştirak etmişdir.
Universitetin rektoru, professor Erol Oral tədbiri açaraq, onların dəvətini qəbul edib Azərbaycana gəldiyi üçün hörmətli qonağa iştirakçılar adından təşəkkürünü bildirmişdir.
Məşğələdə məruzə ilə çıxış edən O.Süleymenov demişdir ki, YUNESKO-nun ötən ilin oktyabrında keçirilmiş konqresində Qazaxıstan 2006-cı ilin “Planetar düşüncə ili” elan olunması barədə təşəbbüs irəli sürmüşdür. Onun fikrincə, indiki narahat dünyamızda beynəlxalq dialoqların genişləndirilməsində bu, mühüm rol oynaya bilər.
Yer üzündə mövcud olan 5 min millət, xalq və etnik qrupların hər birinin öz düşüncə tərzi olduğunu vurğulayan O.Süleymenov demişdir ki, dünyanı zəhərli təxəyyüllərdən xilas etməyə hər bir insan cavabdehdir. Planetar düşüncə milli özünüdərki inkar etmir, əksinə, milli təfəkkürün ən yüksək formasıdır. Bu mövzuda ilk dəfə Bakıda çıxış etdiyini söyləyən O.Süleymenov mentalitetinə bələd olduğu xalqımızın dünyanın daha da tərəqqisinə töhfə vermək istəyində olduğunu, ölkəmizin sabahına böyük ümidlərlə baxdığını bildirmişdir.