Göyçayda ali məktəblərə yüksək nəticələrlə qəbul olunmuş tələbələrlə görüş
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-da Göyçayda ali məktəblərə yüksək nəticələrlə qəbul olmuş tələbələrlə görüş keçirilib.
Göyçay Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, görüş iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi qarşısına gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Sonra Göyçay rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti ilə tanış olublar.
Dəyirmi masa arxasında davam edən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova açaraq orta məktəbi müvəffəqiyyətlə başa vuraraq qəbul imtahanlarında yüksək nəticələr göstərən tələbələrə uğurlar arzu edib. Bildirib ki, bu il 384 nəfər məzun tələbə adına layiq görülüb, onlardan 29-u 600-dən yuxarı 86-sı isə 500-dən yuxarı nəticə əldə edib.
Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev tələbələri yüksək nəticələrlə tələbə adına layiq görülmələri münasibətilə təbrik edib və nailiyyətlərinin davamlı olmasını arzulayıb. Gənclərin biliyə olan həvəsi, vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, bu il tələbə adına layiq görülənlər ilk dəfədir ki, bütöv, ərazisi işğaldan tam azad olunmuş Azərbaycanda təhsil alacaqlar.
Rayon rəhbəri tələbələrə Şuşada və Qarabağda aparılan böyük quruculuq işlərində gələcəkdə iştirak etmələrini, ali məktəbi bitirdikdən sonra dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmək üçün dövlət qulluğunda səmərəli fəaliyyət göstərmələrini arzu edib.
Tədbirdə şəhid atası Akif Kərimov, rayon təhsil sektorunun müdiri Rauf Məmmədov, Dövlət İmtahan Mərkəzi Göyçay regional bölməsinin müdiri Elnur Qədirov, rayon üzrə ən yüksək nəticə göstərən, 692 bal toplayan tələbə Əkrəm Xəlilzadə, 690 bal nəticə ilə Azərbaycan Tibb Universitetinə qəbul olan Maarif Eyvazov, 606 keçid balı ilə Qarabağ Universitetinə qəbul olan Məhəmməd Cəbiyev, şəhid polkovnik Babək Səmidlinin övladı, Xəzər Universitetinin tələbəsi Mətləb Səmidli, ABŞ-da Çikaqo Universitetinin İctimai-siyasət fakültəsinin magistri Qarakişi Quluzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 660 balla qəbul olunmuş Paşa Sultanlının anası Səbinə Sultanlı çıxış ediblər. Sonda tələbələrə hədiyyələr təqdim edilib.