REGİONLAR
Göyçayda ölümlə nəticələnən yanğın hadisəsi baş verib VİDEO
Göyçay, 25 fevral, AZƏRTAC
Göyçay rayonunda ölümlə nəticələnən dəhşətli yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Kürdşaban kənd sakini, 1975-ci il təvəllüdlü Muradova Elnarə Cəfər qızına məxsus, ümumi sahəsi 110 kvadratmetr olan ikiotaqlı ev yanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar. Yanğın söndürüldükdən sonra mənzildə ev sahibinin anası, 1934-cü il təvəllüdlü Mahmudova Badam Ağası qızının yanmış cəsədi tapılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələ ki məlum deyil.
Faktla əlaqədar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.