GUAM PA-nın Tbilisidə keçirilən 10-cu sessiyası başa çatıb
Tbilisi, 18 dekabr, AZƏRTAC
GUAM Parlament Assambleyasının (PA) Tbilisidə keçirilən 10-cu illik sessiyası başa çatıb.
AZƏRTAC xəbər verir ki, sessiyanın yekununda Bəyannamə qəbul olunub, GUAM PA ilə Baltik Assambleyası arasında birgə bəyanat imzalanıb.
Bəyannamədə deyilir ki, GUAM PA beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır. GUAM PA-ya üzv ölkələrin parlamentləri arasında qarşılıqlı əlaqələr möhkəmləndirilib və həmrəylik gücləndirilib. Parlament Assambleyasının üzvləri regionlararası əməkdaşlığın inkişafında regional və beynəlxalq parlament təşkilatlarının rolunu yüksək qiymətləndirirlər.
Həmçinin Bəyannamədə GUAM-a üzv dövlətlərin ərazilərində həll olunmamış münaqişələrlə bağlı ciddi narahatlıq ifadə olunub. Bildirilir ki, Parlament Assambleyası GUAM məkanında münaqişələrin suverenliyə hörmət, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həll olunması ilə bağlı özünün qəti və davamlı mövqeyini bir daha nümayiş etdirib.
GUAM PA təşkilat çərçivəsində mövcud münaqişələrin beynəlxalq prinsiplər əsasında tezliklə həll olunması üçün beynəlxalq ictimaiyyəti davamlı səylər göstərməyə çağırıb.
Sənəddə GUAM çərçivəsində parlamentlərarası əməkdaşlığın daha da dərinləşdirilməsi və parlamentarilər arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı razılıq əldə olunduğu bildirilib.
Sessiyada GUAM PA-ya sədrlik Gürcüstandan Moldovaya keçib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi