Güllü-güllü güllərim…
Bakı, 7 mart, AZƏRTAC
Çiçək, yarpaq, budaq, meyvə və digər dekorativ materiallarla paltarları, bayram keçirilən yerləri və interyeri bəzəmək adəti çoxəsrlik tarixə malikdir. AZƏRTAC xəbər verir ki, tunc dövrünə aid arxeoloji qazıntılar çiçəklərdən daha qədim dövrlərdən bəzək kimi istifadə edildiyini göstərir. Qədim Misirdə məbəd və sarayları gül nümunələri ilə bəzəyirdilər. Qədim yunanlar və romalılar çələngi çox sevirdilər. Herkulanum şəhərində tapılan freskalarda Herkules başında dəfnə çələngi, nimfa Arkadi isə qızılgül çələngi ilə təsvir edilib. Qədim slavyan xalqları gül çələngindən həm də fala baxmaq üçün istifadə edirdilər. Hindistan, İndoneziya və Birma kimi ölkələrdə evə gələn hörmətli qonaqların boynuna gül çələngləri salınması ənənəsi indiyədək yaşayır. Həmin ölkələrdə hər hansı məclisi gül-çiçəksiz təsəvvür etmək çətindir.
Avropada buketlər XIV-XV əsrlərdə meydana çıxmağa başlayıb. Buket fransız sözü olub, tərcüməsi “gözəl tərtib edilmiş güllər qrupu” deməkdir. Zaman keçdikcə primitiv tərtib edilmiş gül çələngləri daha da təkmilləşib. Viktoriya, Pompadur, Bidermeyer, Makart, Plato və s. üslubunda olan gül buketləri dəbə düşməyə başlayıb.
Güllər həmişə insanları müşayiət edib və onun vasitəsilə öz hisslərini büruzə veriblər. Qızılgül - ən incə hisslər, qərənfil - ilk məhəbbət, süsən - təmizlik, səhləb - ailə xoşbəxtliyi, astra - bağışlanma istəyi, xrizantema - dostluq, tülpan - məhəbbəti büruzə vermək, yasəmən - ilk məhəbbət rəmzi hesab olunur.