Gürcüstan KİV-ləri Dağlıq Qarabağ mövzusunda silsilə materiallar yayır
Tbilisi, 8 oktyabr, AZƏRTAC
Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri Dağlıq Qarabağda gedən proseslər və Azərbaycanın bu münaqişədəki mövqeyi barədə silsilə materiallar yaymaqda davam edir.
AZƏRTAC xəbər verir ki, materiallarda Azərbaycanın Qarabağın erməni əhalisi üçün humanitar dəhliz yaratmağa hazır olduğu xüsusi qeyd olunur.
Bundan başqa gürcü mətbuatı Azərbaycan Müdafiə Nazirliyinə istinadla 10 günlük müharibə nəticəsində Ermənistan ordusunun 250-yə qədər tank və döyüş maşını, 270 ədəd artilleriya atəş reaktiv sistemi, 60 hava müdafiə sistemi, 11 nəzarət mərkəzi və bir ədəd “S-300” torpaq-hava raket sisteminin məhv edilməsi barədə xəbərlər də əsas diqqət çəkən məlumatlardandır.
Mətbuat həmçinin, Ermənistan ordusunun Tərtər, Füzuli, Goranboy, Gəncə, Mingəçevir və digər yaşayış bölgələrini raket atəşinə tutması barədə də xəbərlər var.
Yerli KİV-lərdə dalana dirənən Nikol Paşinyanın Rusiyanı köməyə çağırması, eləcə də Ermənistan baş nazirinin BBC kanalına verdiyi müsahibə zamanı gülünc vəziyyətə düşməsi barədə materiallar ən çox oxunan xəbərlərdəndir.
Bundan başqa, mətbuatda Dağlıq Qarabağ əhalisinin 50 faizinin yaşayış yerini tərk edərək Yerevana qaçması xəbəri də yayılıb. Yayılan məlumata görə, Dağlıq Qarabağdan 75 minə qədər insan Dağlıq Qarabağı tərk edib.
Maraq doğuran başqa bir material isə, xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryanın Bakıda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdir.
Qadının Ermənistan hakimiyyətinin Azərbaycanla bağlı apardığı təbliğatın əsassız olduğu barədə fikirləri xüsusi qeyd olunub.
Gürcüstan mətbuatı Ermənistan ordusunun irimiqyaslı enerji layihələrdən biri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin atəşə tutulması barədə də məlumatlar yayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi