Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin Türkiyəyə səfərini geniş işıqlandırıb
Tbilisi, 15 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə qardaş ölkəyə səfəri, Rize-Artvin Hava Limanının açılışında iştirakı, eləcə də keçirdiyi ikitərəfli görüşlərdə söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, gaxa.ge, 24news.ge, interpress.ge və aktual.ge informasiya portalları Azərbaycan Prezidentinin səfəri ilə bağlı silsilə materiallar dərc ediblər.
Azərbaycan, rus, ingilis və gürcü dillərində dərc olunan materiallarda Türkiyədə digər sahələrdə olduğu kimi, nəqliyyat və infrastruktur sahəsində də genişmiqyaslı işlərin həyata keçirilməsi, energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələləri, həmçinin bölgədəki vəziyyət ilə bağlı fikirlər əksini tapıb.
Materiallarda postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikirlər də oxucuların diqqətinə çatdırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi