GÜRCÜSTAN PREZİDENTİNİN XANIMI AZƏRBAYCAN TİBB UNİVERSİTETİNDƏ OLMUŞDUR
ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov hörmətli qonağın professor-müəllim heyəti ilə görüşünü açaraq, Azərbaycan və gürcü xalqları arasında ənənəvi qardaşlıq münasibətlərinin olduğunu bildirdi. O dedi ki, iki ölkənin alimləri arasında çoxdan sıx əlaqələr var, ATU-nun Tbilisi Tibb Universiteti ilə əməkdaşlığı haqqında imzalanmış müqavilə hər iki ali məktəbin müəllim və tələbələrinin münasibətlərini gücləndirməyə yönəldilmişdir.
Xanım Rulofs çıxışında başçılıq etdiyi və bir çox sosial, humanitar proqramlar həyata keçirən “SOLO” xeyriyyə fondunun fəaliyyətindən danışdı. Fondun xətti ilə 2007-ci ildə Tbilisidə peretonal diaqnostika mərkəzi açmaq planlaşdırılır. Birinci xanımın himayədarlığı ilə hər il Gürcüstanda beynəlxalq opera festivalı keçirilir, yaxın vaxtlarda ancaq klassik musiqi yayımlayacaq radiostansiya fəaliyyətə başlayacaqdır. Əhalinin aztəminatlı təbəqələrinə sosial yardım göstərilməsi sahəsində geniş iş aparılır. Bu məqsədlə Tbilisi Dövlət Universitetində sosial qulluqçular hazırlayan fakültə açılmışdır.
Xanım Rulofs gənc orqanizmin inkişafında pozuntulara səbəb olan yod çatışmazlığını təcili həllini gözləyən problemlərdən adlandırmışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşdə Gürcüstana bu sahədə yardım göstərilməsi haqqında razılaşma əldə olunmuşdur.
Görüşdə professor Dmitri Kordzaia da çıxış edərək, ölkədə “SOLO” Fondunun xətti ilə həyata keçirilən “Stiqmanı birlikdə aradan qaldıraq” proqramından danışaraq bildirdi ki, bu tədbirdən məqsəd QİÇS, psoriaz (pullu dəmrov) və digər xəstəliklərdən əziyyət çəkən insanları cəmiyyətə inteqrasiya etməkdir.
Onkoprevensiya Mərkəzinin rəhbəri professor Rema Qvamiçava görüş iştirakçılarına Fondun xətti ilə həyata keçirilən onkoloji xəstələrə yardım proqramları barədə məlumat verərək dedi ki, bu məqsədlə Tbilisidə tələbələr – gələcək onkoloqlar üçün yay məktəbi fəaliyyət göstərir.
Tibb elmləri namizədi Levan Şaraşidze isə çıxışında vərəmlə mübarizə sahəsində Gürcüstan həkimlərinin təcrübəsindən danışdı.