Gürcüstan Rusiyadan buğda idxalını azaldır
Tbilisi, 1 mart, AZƏRTAC
Gürcüstan martın 1-dən Rusiyadan buğda idxalını azaldır. Gürcüstan buğdaya olan tələbatını Qazaxıstandan alınacaq məhsul hesabına ödəyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Taxıl İdxalçıları Assosiasiyasının rəhbəri Levan Silaqava deyib.
O bildirib ki, Rusiyadan taxıl idxalının azaldılmasının əsas səbəbi qarşı tərəfin gömrük rüsumlarını artırmasıdır.
“Rusiya bu gündən etibarən ixrac olunan buğdanın bir tonu üçün gömrük rüsumunu 50 avroya qədər artırıb. Rusiya buğda bazarında əsas oyunçudur və bu səbəbdən həmin məhsul bütün ölkələr üçün bahalaşıb”, - deyə L.Silaqava vurğulayıb.
Onun sözlərinə görə, hazırkı mərhələdə Gürcüstanın Rusiya buğdasından tam imtinası mümkün deyil.
Qeyd edək ki, bir neçə gün əvvəl L.Silaqava aprel ayından Gürcüstanda çörəyin qiymətinin artacağı ilə bağlı məlumat yaymışdı. O deyib ki, ölkədəki çörəkbişirmə müəssisələrin əksəriyyəti hökumətin ayırdığı subsidiyanı ala bilməyib.
Bundan başqa o, buğda ixracatçısı olan ölkələrin qiyməti artıracağı barədə məlumat vermişdi və hökuməti təcili tədbir görməyə dəvət etmişdi.
Assosiasiya rəhbəri vəziyyətin bu cür davam edəcəyi təqdirdə çörəyin qiymətinin artacağını yenidən istisna etməyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi