GÜRCÜSTANIN BİRİNCİ XANIMI AZƏRBAYCAN TELEVİZİYASINA MÜSAHİBƏ VERMİŞDİR
Onun sözlərinə görə, dördgünlük səfərin proqramı gözlənildiyindən də zəngin olmuşdur. Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə birlikdə təhsil, səhiyyə sahələrinin nümayəndələri ilə görüşlər keçirilmişdir. Bu görüşlərdə Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər üçün məktəblər tikilməsi kimi birgə layihələr barədə söhbət getmişdir.
S.Rulofs bildirmişdir ki, Heydər Əliyev Fonduna başçılıq edən Mehriban xanım kimi, o da “SOLO” Humanitar Fonduna rəhbərlik edir. Təhsil, səhiyyə və mədəniyyət sahələrində humanitar layihələr həyata keçirən hər iki fond birgə iş aparır. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca ərazilərdə yaşayan əhalinin sağlamlığının mühafizəsi ilə bağlı birgə layihə hazırlanır, Azərbaycanda Gürcüstan və Gürcüstanda Azərbaycan mədəniyyət günləri keçirilməsi planlaşdırılır. Xanım Rulofs demişdir: “Mehriban xanım və onun həyat yoldaşı yaxın vaxtlarda Tbilisiyə gələcəklər. Paytaxtımızda Heydər Əliyev parkı və Heydər Əliyevin abidəsi açılacaqdır”.
O, belə bir faktı xüsusi vurğulamışdır ki, qarşılıqlı qərara əsasən, Heydər Əliyev Fondunun Tbilisidə filialı açılacaqdır.