HAKİMLİYƏ NAMİZƏDLƏRLƏ TEST İMTAHANI KEÇİRİLMİŞDİR
Hakim kadrlarına olan ehtiyacla bağlı hakim vəzifəsinə namizədlərin sənədlərinin cari ildə qəbuluna yenidən başlanılmış və 704 nəfər öz namizədliyini irəli sürmüşdür.
AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də həmin hakimliyə namizədlər üçün vahid zalda - Bakı İdman Sarayında test imtahanı keçirilmişdir. İmtahan prosesinin bütün mərhələləri – sualların seçilməsi, test sualları kitabçasının çap edilməsi, cavabların təxirəsalınmadan yoxlanılması bilavasitə imtahan keçirilən yerdə namizədlərin, habelə 30-dək beynəlxalq təşkilat və yerli QHT təmsilçilərinin, televiziya və digər mətbuat nümayəndələri qarşısında həyata keçirilmişdir.
Hakimlərin Seçki Komitəsi tərəfindən hazırlanmış 1000-dən çox test sualları bankından təsadüfi yolla 10 variantda sual blokları seçilmişdir. Sonra hakimliyə namizədlər bu sual bloklarından birini seçmiş və o yerindəcə kitabça şəklində çoxaldılaraq namizədlərə paylanılmışdır.
Dörd saat davam edən imtahanın nəticələri optik oxuyucu qurğu vasitəsilə imtahan başa çatan kimi dərhal yoxlanılaraq nəticələr yerindəcə elan olunmuş və internetdə yerləşdirilmişdir (www.judicialcouncil.org.az; www.tqdk.gov.az).
İmtahanın bütün mərhələləri müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilmişdir.