Hasan Suver: Mükəmməl təşkilatçılığa görə, Azərbaycanı təbrik edirik
Bakı, 20 may, AZƏRTAC
Turkiyədəki zəlzələdən sonra, xüsusilə Kahramanmaraşda "Azərbaycan küçəsi"nin inşasında Azərbaycanın bizə çox böyük dəstəyi oldu. Bu, təqdirəlayiq bir dəstək idi, buna görə minnətdarıq.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver deyib.
O, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) olduqca uğurlu olduğunu deyib: “180 ölkəni dəvət etmək və onları bu dərəcədə mükəmməl şəkildə qarşılamaq böyük bir uğurdur. Buna görə, dost və qardaş Azərbaycan hökumətini təbrik edirik”.
Türkiyənin şəhərsalma və yenidənqurma sahəsində kifayət qədər böyük təcrübəsinin olduğunu deyən nazir müavini qeyd edib: “İllərdir bu işlə məşğuluq və hazırda da davam edirik. Hədəfimiz XIX əsr Türkiyəsində xalqımızın təhlükəsiz, dözümlü və rifah dolu mənzillərdə yaşamasını təmin etməkdir. Bu sahədəki böyük təcrübəmizi qardaş Azərbaycan Hökuməti ilə bölüşürük. Şəhərsalma sahəsinfə “TOKİ” kimi nəhəng bir qurumumuz var. “TOKİ” bu sahədə çox təcrübəlidir. Son 19-20 ildə təxminən 1 milyon 750 min mənzil inşa edib. Ona görə də Azərbaycanla bu sahədə biliklərimizi, layihə və texniki dəstək kimi təcrübələrimizi bölüşməyə hər zaman hazır olmuşuq”.
Hasan Suver, həmçinin diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyətini davam etdirir. “İşğal dövründə törədilən zülmü, dağıdılan şəhərlərin həm tarixi, həm də mədəni irsinin məhv edilməsini, orada yaşayan qardaşlarımızın ev-eşiklərinin viran qoyulmasını və müharibədən sonrakı o acınacaqlı mənzərəni hamımız bilirik. İki ölkə prezidentlərinin dostluq, qardaşlıq münasibətləri çərçivəsində aparılan görüşlərinin nəticəsi olaraq “TOKİ” orada fəaliyyətə başladı. Orada da qardaşlarımız əbədi olaraq əmin-amanlıq və rifah içində yaşayacaqlar”, - deyə o əlavə edib.