HAZIRDA AZƏRBAYCAN-NATO MÜNASİBƏTLƏRİ DİNAMİK İNKİŞAF EDİR
Nazir Eldar Mahmudov Azərbaycan və NATO arasında “Fərdi tərəfdaşlığın fəaliyyət planı”nın uğurla yerinə yetirildiyini, əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. O, Şimali Atlantika Alyansı ilə mövcud tərəfdaşlıq münasibətlərinin səmərəli həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin NATO ilə əməkdaşlığın daha da intensivləşdirilməsi və Avratlantika məkanına inteqrasiyanın gücləndirilməsi sahəsində müvafiq dövlət strukturlarına verdiyi göstərişlərin, sərəncam və fərmanlarının mühüm rol oynadığını qeyd etmişdir.
Eldar Mahmudov “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində fəaliyyətin yeni istiqamətləri və perspektivləri haqqında danışmış, habelə beynəlxalq terrorçuluqla mübarizədə Azərbaycanın birmənalı mövqeyini bir daha qeyd etmiş, bu sahədə fəaliyyətin Milli Təhlükəsizlik Nazirliyinin vəzifələri sırasında prioritet istiqamətlərdən olduğunu, ümumi təhlükəyə qarşı mübarizənin yalnız beynəlxalq səylərin birləşdiriləcəyi təqdirdə daha effektli olacağını vurğulamışdır.
Azərbaycana gəlişindən və aparılan müzakirələrdən razı qaldığını bildirən Robert Simmons, hazırda Azərbaycan-NATO münasibətlərinin dinamik inkişaf etdiyini söyləmişdir.
Qonaq və nazir Azərbaycanın müvafiq təlim proqramlarında iştirakı ilə bağlı yeni təkliflərin mümkünlüyünü, baş verən dəyişikliklər və reallıqlar nəzərə alınmaqla “Fərdi tərəfdaşlığın fəaliyyət planı”nın müəyyən qədər təkmilləşdirilməsi ilə əlaqədar gələn ilin əvvəllərində müzakirələrin aparılmasının vacibliyini bildirmişlər.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.