HƏLAK OLMUŞ, İTKİN DÜŞMÜŞ DƏNİZÇİLƏRİN AİLƏLƏRİNƏ MADDİ YARDIM GÖSTƏRİLİR
Oktyabrın 22-də Xəzər dənizində qəzaya uğrayaraq batmış “Merkuri-2” gəmi-bərəsinin heyət üzvlərinin axtarışı davam etdirilməklə yanaşı, onların himayəsində olanlara maddi yardım göstərilməsi ilə bağlı sosial müdafiə xarakterli tədbirlər həyata keçirilir.
Gəmiçiliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həlak olmuş və itkin düşmüş heyət üzvlərinin ailələrinə maddi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 24 sentyabr tarixli 129 nömrəli qərarına əsasən təxminən 719,3 milyon manat vəsait ayrılmışdır. Hazırda həmin vəsait onların ailə üzvlərinə ödənilir.
Həlak olmuş heyət üzvlərinin dəfn mərasiminin keçirilməsi üçün hər bir ailəyə 5 milyon manat məbləğində yardım göstərilmişdir.
“Merkuri-2” gəmi-bərəsi heyətinin sağ qalmış üzvlərinin hər birinə isə səhhətlərini tam bərpa etmək üçün 3 milyon manat məbləğində yardım edilmişdir.
Gəmi-bərənin qəzaya uğraması nəticəsində həlak olmuşların himayəsində yaşamış insanlara qanunvericiliyə müvafiq surətdə hər ay mərhumun orta aylıq əmək haqqı məbləğində müavinətlər veriləcəkdir.
Həmin qəza zamanı gəmi-bərədə olmuş sərnişinlərlə də bağlı qanunvericiliyə uyğun surətdə lazımi tədbirlər həyata keçiriləcəkdir.