Hər bir azərbaycanlı Vətənini sevməli, onun maraq və mənafeyini qorumalıdır
Bakı, 15 mart, AZƏRTAC
Qırx dörd gün davam edən Vətən müharibəsində təkcə azərbaycanlılar deyil, ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri erməni faşizminə qarşı mübarizədə yaxından iştirak edərək düşmən üzərində qələbəyə töhfələrini veriblər. Bu həmrəyliyin təməlində Azərbaycanın ölkəmizdə yaşayan bütün xalqların Vətəni olması dayanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, müharibənin ilk günündən dövlətimizin həyata keçirdiyi qismən səfərbərlik çağırışına səs verən, könüllü şəkildə ordu sıralarına qatılaraq cəbhədə düşmənə qarşı vuruşan bütün vətəndaşlarımız vahid amal üçün - işğal altındakı torpaqlarımızı azad etmək uğrunda qəhrəmancasına mübarizə aparıblar. Vətən müharibəsində Azərbaycan vətəndaşlığı daşıyan rus millətindən olan xeyli sayda insan iştirak edib. Onların arasında Şuşa uğrunda mübarizə aparan rus millətindən olan vətəndaşlarımız olub. Yəhudi əsilli Albert Aqarunovun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün dünyaya məlumdur. Ukrayna millətindən olan Ruslan Polovinko, Belarus əsilli vətəndaşımız Anatoli Davidoviç, Gürcüstanda anadan olan Viktor Seryogin və digər qəhrəmanlarımız Azərbaycanın fəxridir. Dövlətimiz bütün qəhrəmanların adının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atıb, onların abidə və büstləri ucaldılıb. Küçə və meydanlara qəhrəmanlarımızın adları verilib.
Polkovnik bildirib ki, bu fakt ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələrinin Azərbaycanı öz ana vətənləri hesab etməsini və bu vətənin keşiyində durmağı, onu düşməndən müdafiə etməyi özlərinə şərəf bildiyini göstərir. Dövlətimizin başçısı çıxışlarında qeyd edib ki, düşmən üzərində zəfərimizi təmin edən başlıca amil həmrəyliyimiz olub. Bu həmrəyliyi təmin edən əsas amillərdən biri azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların birliyini, həmrəyliyini, qardaşlığını nəzərdə tutur. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs hansı xalqa mənsub olmasından asılı olmayaraq, Vətəni Azərbaycanı sevməli, onun maraq və mənafeyini qorumalıdır.
Cəlil Xəlilov vurğulayıb ki, Ümummilli Liderin irəli sürdüyü və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu ideologiya xalqımızın birliyini, bərabərliyini, gücünü təmin edən başlıca amildir. Məhz bu faktor bizi Vətən müharibəsindən qalib çıxarıb, düşmən üzərində həlledici qələbəmizi təmin edib. Bu baxımdan əslində ordumuzun 8 noyabr Zəfərini həm də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsi kimi də qiymətləndirmək mümkündür. İnanıram ki, xalqımızın bu birlik və bütövlüyü bundan sonra da qorunacaq, Azərbaycan xalqı gələcəkdə də düşmənlərə sözünü birliyi və öz həmrəyliyi ilə deyəcək.