Hərbi ekspert: Azad edilmiş ərazilərdə bayram tədbirlərinin keçirilməsi böyük mənəvi əhəmiyyət daşıyır
Laçın, 19 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan xalqı öz suverenliyini və sərhəd bütövlüyünü tam təmin etdikdən sonra ilk dəfədir Novruzu böyük sevinclə qarşılayır. İşğaldan azad edilmiş ərazilərdə bayram tədbirlərinin keçirilməsi böyük mənəvi əhəmiyyət daşıyır. İnsanların burada nə qədər xoşbəxt, şad olduğunu görmək özü bir səadətdir. Uzun illər ürəyimizdə daşıdığımız o ağır işğal illərinin nisgilini məhz bu tədbirlərlə çiyinlərimizdən atırıq.
Bu fikirləri Laçın şəhərində keçirilən Novruz bayramında AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O, Laçın rayonunun coğrafi mövqeyinin əhəmiyyətini qeyd edərək deyib: “Laçın rayonu bizim üçün xüsusi əhəmiyyət daşıyır. Qarabağın və Şərqi Zəngəzurun hər bir nöqtəsi, hər bir qarışı bizim üçün əzizdir. Amma Laçın Ermənistanı Qarabağla birləşdirən bir yol idi, bir “nəfəs borusu” idi. Bu “nəfəs borusu” qapadıldıqdan sonra həm Laçını, həm də Xankəndini, Xocalını, Ağdərəni, Xocavəndi düşməndən tamamilə təmizləmək mümkün oldu. Bu Qələbəni bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, qəhrəman hərbçilərimizə, Ali Baş Komandana uzun ömür, cansağlığı arzu edirəm”.