Hesablama Palatasından Silahlı Qüvvələrə Yardım Fonduna dəstək
Bakı, 8 oktyabr, AZƏRTAC
Sentyabrın 27-dən başlayan Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Silahlı Qüvvələrimiz şərəfli tarix yazmaqdadır. Son günlərdə eşitdiyimiz qələbə xəbərləri isə haqq işimizdə ədalətin bərpa edilməsi üçün dövlətimizin və ölkə əhalisinin daimi birliyini daha da gücləndirməkdədir. Hesablama Palatası yaşadığımız tarixi günlərin əhəmiyyətini tam məsuliyyəti ilə dərk edərək və Ali Baş Komandanın müsəlləh əsgəri olmaq üçün öz fəaliyyətini bu istiqamətdə qurmaqdadır.
Palatadan AZƏRTAC-a bildirilib ki, qurum tərəfindən Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatının (INTOSAI), həmçinin bu təşkilatın regional bölmələrinin Ali Audit Qurumlarının Avropa Təşkilatını (EUROSAI), Ali Audit Qurumlarının Avropa Təşkilatının (ASOSAI), İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatının (ECOSAI) prezidentlikləri və baş katibliklərinə, MDB-yə üzv Dövlətlərin Ali Audit Orqanlarının Rəhbərlər Şurasına məlumatlandırıcı məktublar ünvanlanıb, Şanlı Ordumuzun haqq-ədalətin bərpası üçün silaha sarıldığı bildirilib.
Eyni zamanda, öz tarixi torpaqlarımızın işğalçılardan azad edilməsi və ərazilərimizin bərpası ilə bağlı illərdir davam edən ədalətsizliyin aradan qaldırılması üçün haqq savaşımızda yanımızda olan Türkiyə, Pakistan, Əfqanıstan, Ukrayna ali audit orqanlarına minnətdarlıq məktubları göndərilib, digər ölkələrin müvafiq qurumları isə bununla bağlı məlumatlandırılıb.
Hesablama Palatasının əməkdaşları ərazilərimizin bərpası uğrunda mübarizə aparan Ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 75 min manat məbləğində vəsait köçürüb.