“Heydər Əliyev – Müasir Azərbaycan dövlətçiliyinin xilaskarı” adlı konfrans keçirilmişdir
Bakı, 9 iyun (AZƏRTAC). İyunun 9-da “Resurs” Gənclərin İnkişafı İctimai Birliyi Milli Qurtuluş Gününə həsr edilmiş “Heydər Əliyev - Müasir Azərbaycan dövlətçiliyinin xilaskarı” adlı konfrans keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Konfrans Azərbaycan Respublikasının dövlət himni ilə başlamışdır. Tədbirdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. “Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə qonaqları salamlayaraq ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı, onun Azərbaycan dövlətçiliyinin xilası yolunda, vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasında fəaliyyəti haqqında konfrans iştirakçılarına məlumat vermişdir. Samir Mehdizadə Milli Qurtuluş gününün gənclərin həyatında mühüm tarix kimi təbliği baxımından bu tədbirin əhəmiyyətini vurğulamışdır.
Milli Məclisin deputatı Elmira Axundova keçən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan hakimiyyətində qeyri-peşəkarların olduğu dövrdə ulu öndər Heydər Əliyev haqqında xatirələrini danışmış, bugünkü firavan həyatımızın bilavasitə onun fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı Fəttah Heydərov ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərliyi zamanı respublikanın qısa müddətdə kənd təsərrüfatı və sənaye istehsalında ittifaq miqyasında tanındığını söyləmişdir. Ulu öndərin xalqın təkidi ilə hakimiyyətə qayıtdığını vurğulayan deputat məhz bu qayıdışdan sonra Azərbaycan dövlətçiliyinin möhkəm əsaslar üzərində qurulduğunu, Azərbaycan dilinin dövlət dili olduğunu, ölkə gənclərinin xaricdə təhsili üçün şərait yaradıldığını, hazırda isə bu şərəfli işin ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.