HÖKUMƏTLƏRARASI MÜŞTƏRƏK KOMİSSİYANIN İKİNCİ İCLASI KEÇİRİLMİŞDİR
İclası giriş sözü ilə komissiyanın həmsədri, Baş nazirin birinci müavini Yaqub Eyyubov açaraq dedi ki, Rumıniya ilə Azərbaycan arasında dostluq, strateji tərəfdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Rumıniya-Azərbaycan əlaqələrinin qədim tarixini, Rumıniyanın respublikamızın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu, xalqımızın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsinin həllində həmişə ədalətli, obyektiv mövqe tutduğunu xatırladan Y.Eyyubov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ilin oktyabrında Rumıniyaya səfərindən sonra qarşılıqlı əlaqələr xüsusilə genişlənmişdir. Rumıniya Prezidenti Trayan Beseskunun Azərbaycana rəsmi səfəri ərəfəsində keçirilən iclasın əhəmiyyətini vurğulayan komissiyanın həmsədri son illər ərzində Azərbaycan iqtisadiyyatının sürətli inkişafından, ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrdən də danışdı. Eyni zamanda, Rumıniyanın Şərqi Avropada ölkəmizin etibarlı tərəfdaşı olduğunu, əlaqələrin genişlənməsi üçün potensial imkanların mövcudluğunu bildirdi, müştərək komissiyanın ötən iki gündə xeyli işlər gördüyünü, müzakirə və təsdiq üçün mühüm sənədlər hazırladığını vurğuladı.
Komissiyanın Rumıniya tərəfdən həmsədri, nəqliyyat, tikinti və turizm naziri Radu Berseanu çıxışında təmsil etdiyi ölkəsinin sabit inkişaf sürətinə görə Şərqi Avropada irəlidə getdiyini xatırlatdı, rumın xalqının və dövlətinin Azərbaycanı, onun xalqını özünə mehriban dost, etibarlı tərəfdaş hesab etdiyini bildirdi. Ticarət-iqtisadi sahədə əlaqələrin inkişafı üçün çox əlverişli imkanların olduğunu, rumın iş adamlarının Azərbaycana marağının getdikcə artdığını bildirən nazir nəqliyyat, energetika, maşınqayırma, maliyyə-bank, kənd təsərrüfatı məhsullarının idxalı, mədəniyyət, turizm sahələrində qarşılıqlı əlaqələrin genişlənməsinin hər iki tərəf üçün əhəmiyyətli ola biləcəyini dedi.
İclasda hər iki tərəfdən komissiya üzvlərinin müzakirə edilən məsələlərə dair təklifləri səsləndi, tərtib olunmuş sənədlərin prezidentlərin görüşündə imzalanmağa tam hazır olduğu bildirildi.
Həmsədrlər iclasın yekunlarına dair protokol imzaladılar.