Hollandiya yığması “UEFA U-17” Avropa çempionatında ilk qələbəsini İtaliyaya qarşı rəsmiləşdirib
Bakı, 9 may, Elşad Qəzvini, AZƏRTAC
Mayın 9-da 17 yaşadək futbolçular arasında Avropa çempionatının “D” qrupunda ikinci turun oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, Suraxanı qəsəbə stadionunda İtaliya millisi Hollandiya ilə üz-üzə gəlib.
Polşalı baş hakim Bartoş Frankovskinin idarə etdiyi matç Hollandiya millisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. İlk turda İspaniyaya məğlub olan “Narıncılar” İtaliyaya qarşı oyuna üç xal qazanmaq əzmi ilə çıxıb və oyunun son dəqiqəsində (78) buna nail ola biliblər - 1:0. Nunneli matçın taleyini həll edən yeganə qolu rəqib İtaliyanın qapısından keçırıb.
Beləliklə, bu qarşılaşmadan üç xalla ayrılan Hollandiya yığması eyni xala sahib İtaliya ilə qrupda 3-2-ci pilləni bölüşür. Komandaların növbəti mərhələyə çıxmasına isə son turda aydınlıq gələcək.
Hazırda bu qrupun Serbiya ilə İspaniya arasında digər oyunu oynanılır. Bakı Olimpiya Stadionunda keçirilən görüşdə İspaniya yığması birinci hissədə hesabda 1:0 öndədir. “Buğalar” qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksəlməsini bu gün rəsmiləşdirə bilərlər.